Saysızrəng seçimi

590 Views

Aleko Tskitişvili

Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri, xüsusilə də cavanlar, son vaxtları fəallaşaraq müxtəlif real və yaxud, şərti sədləri aşmağa və ictimaiyyətə öz sözlərini çatdırmağa çalışır. Bu cəhətdən “Salam” platformasının “Soyadımı qaytar” kampaniyasını fərqləndirə bilərik. Həmin kampaniya sayəsində ictimaiyyət etnik azərbaycanlıların dövlətçilik mövqeyini açıq-aydın görə bilmişdir. Eyni zamanda, Gürcüstan Parlamenti tərəfindən həmin təşəbbüsün əngəllənməsi,ümumiyyətlə,hakimiyyətin cavanların tarixi ədalətə əsaslanmış ruh yüksəkliyinə necə soyuq yanaşdığını və onun üçün öz vətəndaşlarının deyəcəkləri sözün və ifadə etdikləri emosiaların nə dərəcədə anlaşılmaz olduğunu bir daha gözlər önünə sərgiləmişdir.

Bir neçə il bundan əvvəl İnsan Hüquqları Mərkəzinin bir layihəsində iştirak edirdim. Layihə “Qadınlar, dini və etnik azlıqların ədalət məhkəməsinə əlçatanlığı” adlanırdı. Layihə başa çatdıqdan sonra təşkilat eyniadlı hesabat da dərc etdi.

Layihənin icraatında Kvemo kartli və Kaxeti bölgələrinin kəndlərində vətəndaşlarla müntəzəm şəkildə görüşürdüm. Onlar ənənəvi sosial problemlərdən əlavə hakimiyyətin diskriminativ yanaşmalarından da şikayət edirdilər. Misal üçün, müsəlmanlar kəndlərində məscid tikə bilmirlər. Sadə bir tikinti icazəsini almaq üçün yerli və mərkəzi hakimiyyət onlara min cür bürokratik sədlər yaradır, halbuki pravoslav kilsələri icazəsiz də belə tikilərək, sonradan qanuniləşdirilir.

2018 –ci ildə məhz elə həmin layihə çərçivəsində Xanım Ceyranovanın işini BMT Qadın Diskriminasiyasının aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) göndərdik. Bu yaxınlarda Komitə qanun pozuntusuna yolverildiyini müəyyənləşdirdi. Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qadına qarşı özkəndliləri və qohumları fiziki və psixi zorakılıq tətbiq etdilər və bunun nəticəsində qadın vəfat etdi. İstintaqın versiyasına əsasən, qadın intihar etmişdir, lakin istintaq bu intiharın səhnələşdirilmiş, qadına qarşı zorakılığın əsasını təşkil edən gender əlaməti üzrə diskriminasiya motivinin olub-olmaması ilə maraqlanmadı. İşlə bağlı müşahidə etdiyimiz və ictimaiyyətin də ovqatlarında gördüyümüz əsas problem ənənəvi stereotiplərin təsiri ilə eybəcərləşdirilmiş bir mühitdədir. Həmin mühitdə icma qadına qarşı diskriminativ münasibətləri büruzə verir, dəhşətli zorakılığa bəraət qazandırır və sonunda, namus adı ilə qətlə yetirir.

Bu cür amansız bir mühitdə dövlətin qadınların qısnanmasına qarşı sıfır reaksiya verməsi, etnik azərbaycanlı qadınların daha da acınacaqlı vəziyyətdə olduqları və onların hüquqlarının müdafiələri üçün mülki cəmiyyətin konsolidasiyasına ehtiyac duyulduğu qənaətindəyik. Zorakılıq qurbanı olan qadınların ədalət məhkəməsinə müraciəti həqiqətən də həyati məna kəsb edir, lakin təəssüflər olsun ki, bu bir çox hallarda mümkün olmur. Vəziyyətin müsbətə doğru dəyişməsi üçün çox işlər görülməlidir. İşlərin görülməsi üçün isə lazım olan insan resursunu icmanın daxilində və ilk növbədə qadınlar arasında axtarmalıyıq. Partiyalar yerli bələdiyyələrin sakrebulolarına və Parlamentə yerli qadın fəallarını deputat kimi daxil etməlidirlər. Həmin qadınlar zorakılıq qurbanlarının maraqlarını daha yaxşı müdafiə edəcəklər. Burdaca xatırladaq ki, 1918-21-ci illərin müstəqil Gürcüstan Parlamentində 6 qadın deputat vardı ki, onlardan biri Eleonora Ter-Parseqova-Maxvildaze etnik azlıq nümayəndəsi idi. 100 bundan əvvəlki Parlamentdə 6 qadının olması qürur vericidir, çünki o dövrün bir çox ölkəsində qadınlar hələ seçki hüquqlarını əldə etmək uğrunda mübarizə aparırdılar. Bu ənənə daha da yüksək bir standartla bərpa edilməli və azlıqların səsi ölkənin ən yüksək tribunasından daha yaxşı eşidilməlidir.

İnsan Hüquqları Mərkəzinin geniş spektrli hüquqmüdafiə fəaliyyətindən irəli gələrək, Kvemo kartli və Kaxetinin etnik azərbaycanlılarla məskunlaşmış kəndlərinə tez-tez baş çəkirik. Seçkiləri müntəzəm şəkildə məhz burda müşahidə edirik. İllərin dinamikası göstərir ki, icma 90-cı illərdəki etnodini miliyyətçiliyin yaratdığı ögeyliyi özü aradan qaldırmağa çalışır. Hakimiyyətin təzyiqindən azad olma təmayülləri də nəzərə çarpır – icma hakim partiyanın müxtəlif manipulyasiyalar keçirməsinə asanlıqla razı olmur. Bir vaxtlar etnik azlıqlarla məskunlaşmış bölgələrə, o cümlədən Kvemo kartliyə “Səs anbarı“ deyirdilər. Həmin bölgələrdə hakim partiya seçkilərdə şərtsiz-şürutsuz qalib gəlirdi. Bu artıq belə asand deyildir. 2016-cı ildə Marneulidə Parlament seçkiləri ikinci tura qaldı. Birinci turda müxalifətin majoritar namizədi Akmamed İmamquliyev qalib gəlmişdi.

Gürcüstanın azərbaycanlı vətəndaşlarının inteqrasiya siyasətində təhsil və mədəni proqramların həlledici əhəmiyyəti vardır. Dövlət dilini –gürcü dilini öyrənmək məsələsi hələ də öz həllini tapmamışdır və buna görə də, azərbaycanlılar öz həmvətənləri ilə elementar kommunikasiya qura bilmirlər. Müstəqil Gürcüstanın 30 illik dövrü boyu heç bir hakimiyyət bu problemin həllinə nail ola bilmədi.Gürcüstanın ali məktəblərində etnik azlıqlar üçün təyin edilən güzəştlər müəyyən nəticələr verdi və gənc nəsildə nəinki gürcü dilini öyrənmək, hətta mülki aktivliklərə qoşulmaq motivasiyasını yaratdı. Gürcüstan dövləti həmçinin icmanın mədəni ənənələrini qorumaq üçün qayğı göstərməli, Gürcüstan azərbaycanlılarının identliyini qorumalı və nümayiş etdirməlidir. Məsələn, Gürcüstanda Borçalı xalçalarını toxuyan yalnız bir neçə qadın qalmışdır – bu, Gürcüstan azərbaycanlıları icmasında indiyə kimi qorunan unikal bir sənətdir. Nəzərə alaq ki, azərbaycan xalçası 2010-cı ildə UNESCO tərəfindən qeyri-maddi mədəniyyət abidəsi siyahısına daxil edilmişdir. Belə ki, Borçalı xalçasının elmi və turist potensiala malik olması da asandca nəzərə çarpır. Bu səbəbdən xalçaların toxunma sirlərini gələcək nəsillərə ötürmələri üçün həmin qadınların dəstəyə ehtiyacları var.

Gürcüstan özünün etnik müxtəlifliyi ilə güclüdür. Bu ölkəni sanki Allah bəxş etmişdir və saysız rənglərlə boyamışdır. Onun üçün də, xalqlar arasında tarixən formalaşmış münasibətlər və bərabərcə yaşamaq təcrübələri davam etməli, gələcəkdə də inkişaf etdirilməlidir. Bu, günümüz üçün yeganə seçim və doğru istiqamətdir, zira, əks halda, Rusiyanın təhrik etdiyi və maliyyələşdirdiyi ekstremist miliyyətçilərinin ədavətçi ritorikaları, fobiyaları və stereotipləri (məcazi mənada “Qalın zincirlər və məşəqqət eqzotikası”) özünü bizə tez-tez xatırladacaqdır. Belə bir vəziyyətdə nikbinlik üçün daha artıq əsaslarımız var və bütün bunlara baxmayaraq, dostum şairin dediyi kimi – Nə qədər əksinə səy göstərsək də, yenə xilas olacağıq.